Posted On: October 26th 2026, 04:31 am
Qurban rolunu sevmirəm. Hər mənfi hadisəyə müsbət tərəfdən baxmağı, ondan özüm üçün nəticə çıxarmağı bacarıram. Yaxşı niyyətimin hər zaman öz xeyrimə işləmədiyini bilsəm də, bu yaxşı niyyətimdən imtina etməyim üçün səbəb deyil. Sadəcə zamanla yaxşı niyyətlə sərhədsiz fədakarlıq arasındakı fərqi öyrənirsən.
Heç vaxt qarşılıq gözləməmişəm, amma qarşılıq gözləməmək insanın zəhmətinin dəyərsizləşdirilməsinə susmaq demək deyil. Öz dəyərimi başqalarının mənə verdiyi qiymətlə ölçmür, kiməsə özümü sübut etməyə də ehtiyac duymuram. Yalnış yerdə qalaraq özümü ifade etməyə çalışmıram.
Çünki əsl özgüvən qalmaqda deyil, dəyərinin bilinmədiyi yerdən ayrılmağı bacarmaqdadır. İllərlə eyni yerdə qalmaq hər zaman uğurun, getmək isə uğursuzluğun göstəricisi deyil. Bəzən insan dəyişməkdən deyil, dəyişdikdə daha yaxşısını tapa bilməmək ehtimalından çəkinir.
Mənim üçün isə əsas məsələ nə nəyin bahasına olursa-olsun qalmaq, nə də hər vəziyyətdə haqlı görünməkdir. Haqlı olduğum yerdə mövqeyimi qorumaq, səhv olduğum yerdə bunu qəbul etmək və dəyərimin bilinmədiyi yerdə özümü sübut etməyə çalışmaq əvəzinə yoluma davam etməkdir. Çünki bəzən itirdiyin bir yer deyil, orada qalaraq əldən verdiyin fürsətlərdir. 😎
Keçmiş HR kimi mövqeyim: Səhv qatara mindiyini yolun yarısında anlayıb, sırf bu vaxta qədər yol gəlmisən deyə həmin qatarda qalmaq nə düzgün seçimdir, nə də uğurun göstəricisi. Bəzən ən doğru qərar gec də olsa düşüb, səni istədiyin yerə aparan qatara 🪽minməkdir. Çünki keçmişə sərf etdiyin vaxt gələcəyini yanlış istiqamətdə davam etdirmək üçün səbəb olmamalıdır.
13 illik təcrübəmin “qısa” xülasəsi. 😎